CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Zaqatalada əmək yarmarkası təşkil edib
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində Zaqatalada əmək yarmarkası təşkil edib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə yaxın əməkdaşlıq şəraitində Heydər Əliyev Mərkəzində təşkil olunan və 30-dan çox şirkətin təmsil edildiyi yarmarka Zaqatalada böyük maraq doğurub.
Layihə çərçivəsində gənclərin inkişafına istiqamətlənmiş müxtəlif fəaliyyət növləri - özünəməşğulluğa, əmək bazarına çıxışa dəstək, potensialın artırılması və digər məsələlər nəzərdə tutulub.