MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Festivalı çərçivəsində “Əsli və Kərəm” operası nümayiş etdirilmişdir
Bakı, 14 mart (AZƏRTAC). Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, martın 14-də festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş etdirilmişdir.
Xalq dastanının motivləri əsasında yazılmış operanın librettosu bəstəkarın özünə məxsusdur.
İnsanın mənəvi gözəlliyini tərənnüm edən operada Kərəm və Əslinin obrazlarının açılmasında əsasən muğamdan istifadə olunmuşdur.
Operanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, dirijoru Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı isə Əməkdar Mədəniyyət İşçisi Yusif Babayevdir.
Səhnə əsərində əsas rolları Opera və Balet Teatrının gənc solistləri, respublika muğam müsabiqəsinin laureatları Vüsalə Musayeva (Əsli) və İlkin Əhmədov (Kərəm) ifa etmişlər.