MƏDƏNİYYƏT
Beynəlxalq muğam festivalı çərçivəsində Türkiyə və Azərbaycan musiqiçilərinin konserti olmuşdur
Bakı, 18 mart (AZƏRTAC). Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 18-də Beynəlxalq Muğam Mərkəzində konsert olmuşdur.
AZƏRTAC xəbər verir ki, eyni səhnəni bölüşən Türkiyə və Azərbaycan musiqiçiləri geniş konsert proqramı ilə çıxış etmişlər.
İlk olaraq səhnəyə Türkiyənin “Anadolunun səsləri” qrupu çıxmışdır. İsmayıl Altunsaray (vokal və divan bağlama), Əhməd Misirli (darbuka-deholla), Cafer Nazlıbaş (kabak kemane), Murat Berber (ney) “Bozlak ve Semah” musiqi nömrəsini təqdim etmişlər.
Konsertin ikinci hissəsində Azərbaycan xanəndələri - Xalq Artisti Nəzakət Teymurova və gənc muğam ifaçısı Vəfa Vəzirova “Hümayun” muğamını təqdim etmişlər.
Xanəndələri Əməkdar Artist Əliağa Sədiyev (tar), Elnur Mikayılov (kamança), Əməkdar Artist Kamran Kərimov (nağara), Şirzad Fətəliyev (nəfəs alətləri), Çinarə Mütəllibova (qanun), Eyvaz Həşimov (qoşa nağara), Hüsaməddin Əzizov (nağara), Şəhriyar İmanov (ud), Nizami Allahverdiyev (balaban) və Qalib Həşimov (ud) müşayiət etmişlər.
Konsert çoxsaylı tamaşaçı alqışları ilə qarşılanmışdır.