MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzinin təşkil etdiyi növbəti konsert Suraxanı rayonunda reallaşıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə "Muğam dünyasına səyahət" layihəsi çərçivəsində Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin bu dəfəki tədbiri 18 sentyabr Milli musiqi gününə həsr edilib.
Muğam dolu gecədə gənc xanəndələr Elgiz Əliyev, Almaxanım Əhmədli, Könül Xəlilzadə, Nisbət Sədrayeva və Əməkdar artist Elnur Zeynalov "Mahur", "Şur" muğamları, xalq mahnıları, təsniflər təqim ediblər. Onların ifaları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.
Qeyd edək ki, iyul ayından başlanan layihə ilin sonunadək davam edəcək. Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.