İDMAN
Beynəlxalq Olimpiya Akademiyasının rəhbərliyi Bakıya gəlir
Bakı, 6 mart AZƏRTAC). Martın 6-dan 8-dək Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos və akademiyanın direktoru Dionisis Qanqas Azərbaycanda səfərdə olacaqlar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Beynəlxalq Olimpiya Akademiyasında 4 ildir olimpiya bilikləri üzrə magistratura proqramı tədris olunur. Ümumi təhsil müddəti bir il yarım olan akademiyada tələbələr il ərzində sentyabr-noyabr və aprel-iyun aylarında 2 semestr ərzində təhsil alırlar. Növbəti 6 ay ərzində müəyyən mövzu üzrə diplom işi hazırlayırlar.
Bu il fevralın 4-də Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayevin Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelosla görüşü zamanı akademiya ilə ölkəmiz arasında əlaqələrin gələcək perspektivləri müzakirə olunmuşdur. Gələcəkdə Azərbaycandan da tələbələrin bu akademiyada təhsil alması barədə akademiya rəhbərliyi ilə ilkin razılıq əldə edilmişdir.
Bundan başqa Beynəlxalq Olimpiya Akademiyasının müəllim və professorlarının Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında olimpiya təhsili mövzusunda mühazirələrlə çıxışları, eləcə də Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş 100 gəncin Beynəlxalq Olimpiya Akademiyasına tanışlıq səfərinin təşkili, müxtəlif idman-mədəni tədbirlərində iştirakı, qədim Olimpiya şəhərinə ziyarətinin təşkili barədə ilkin müzakirələr olunmuşdur.
Ölkəmizdə səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Həmçinin qonaqlar gənclər və idman naziri Azad Rəhimovla görüşəcəklər, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Tennis Akademiyası, “Musado” idman mərkəzi və İçərişəhərlə tanış olacaqlar.