BEYNƏLXALQ SƏRGİ BAŞA ÇATMIŞDIR
Sərginin təşkilatçısı İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, tədbirdə dünyanın 20 ölkəsindən 100-dək şirkət informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin ən son yenilikləri, şəbəkələri, təhlükəsizlik sistemlərini, İKT və ofis texnologiyalarını, kabelli və naqilsiz rabitə, peyk rabitəsi və teleradio yayım avadanlığını, proqramlarla təchizat və avtomatlaşdırma sistemlərinı nümayiş etdirmişlər.
Qloballaşma və Azərbaycanın dünyaya inteqrasiyası şəraitində ölkədə informasiya texnologiyaları sahəsinə həsr olunmuş sərginin əhəmiyyətini vurğulayan F.Məmmədov iştirakçıların əksəriyyətinin yerli şirkətlər olduğunu, əvvəlki illərdən fərqli olaraq, iştirakçıların sayının 23 faiz artdığını bildirmişdir. İştirakçı xarici şirkətlərin 25-i sərgiyə ilk dəfə qatılmışdır. Sərgi şirkətlər arasında yeni əməkdaşlığın qurulmasına, ölkəmizə yeni texnologiyaların və avadanlığın gətirilməsinə, özəl sektorun inkişafına, sağlam rəqabət mühitinin formalaşmasına əlverişli şərait yaratmışdır.