ELM VƏ TƏHSİL
Beynəlxalq sərgidə elektron tədris idarəetmə sistemi nümayiş etdirilib
AZƏRTAC xəbər verir ki, Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən Azərbaycanın “Neuron Technologies” informasiya texnologiyaları şirkəti tərəfindən sərgidə ali təhsil müəssisələrində tədris prosesinin Bolonya sisteminə uyğun təşkilini təmin edən elektron idarəetmə sistemi nümayiş etdirilib.
Şirkətin rəhbəri İsmayıl Ələkbərovun bildirdiyinə görə, bu yeni sistemi digər mövcud elektron sistemlərdən fərqləndirən əsas cəhətlər onun çoxsaylı kateqoriyalarda hesabatların bir toxunuşla əldə edilməsi, dərs cədvəllərinin “drag & drop” çəkib dartma üsulu vasitəsilə tərtibi, tədris materiallarının audio, video və digər formatlarında tələbələrə onlayn əlçatan olması, universitet kontingenti arasında ierarxik sistem üzrə sosial şəbəkə forumlarının aparılması, e-imtahanların keçirilməsi, yazılı imtahan vərəqələrinin barkod oxuma sistemi vasitəsilə insanın müdaxiləsi olmadan təşkili və digər innovativ funksiyalara malik olmasıdır.
Bu sistemin ölkəmizdə ilk dəfə uğurlu tətbiqinə Dövlət Gömrük Komitəsinin Akademiyasında başlanılıb.
Yeni innovativ sistemin yaratdığı imkanlardan biri də universitetlərdə imtahanların insanın müdaxiləsi olmadan tam elektron formatda təşkilidir.
Bu yenilik sərgidə böyük maraq doğurub.
Təqdim olunan sistem 40-dək moduldan ibarətdir. Sistem vasitəsilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, tələbələr arasında sorğuların keçirilməsi, daxili yazışmaların və forumların, habelə kitabxana işinin və mühasibatlılığın aparılması avtomatlaşdırılır və elektron qaydada təşkil olunur.
Tələbələr, valideynlər istənilən vaxt və istənilən yerdən fərdi idendifikator və parolları ilə sözügedən tədris idarəetmə sisteminə mobil qaydada daxil olub müvafiq məlumatları əldə edə bilirlər. Proqram təminatına tələbə və müəllimlərin universitetin inzibati binasına giriş və çıxışları üzrə ağıllı kart sistemi də inteqrasiya edilib. Sistemə, həmçinin bulud texnologiyasına əsaslanan “Microsoft Office 365” platformasının inteqrasiyası da nəzərdə tutulub.
Xatırladaq ki, yeni sistemin universitetlərimizdə tətbiqi ilə təhsilin bütün mərhələləri informasiyalaşdırılacaq, şəffaflıq tam təmin ediləcək və tədrisin keyfiyyəti yüksələcək. Ölkəmizin bir sıra ali təhsil müəssisələri bu innovativ sistemin tətbiqinə maraq göstərib. Bununla əlaqədar “Neuron Technologies” şirkəti ilə həmin universitetlər arasında müzakirələrə başlanılıb.