CƏMİYYƏT
Beynəlxalq təşkilatdan "Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumu"na dəstək
Bakı, 30 noyabr, AZƏRTAC
Mənzil-qərargahı Londonda yerləşən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA - International Public Relations Association) yanvarın 26-da türk dünyasında ilk dəfə keçiriləcək "Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu"nun rəsmi tərəfdaşı olub.
Forumun təşkilat qrupundan AZƏRTAC-a bildiriblər ki, IPRA-dan gələn dəstək məktubunda forumun Türkdilli Dövlətlərin PR mütəxəssisləri arasında qarşılıqlı əlaqələrin yaradılmasında və PR sahəsində yeni metodların tətbiq edilməsində böyük rol oynayacığına əminlik ifadə olunub.
IPRA prezidenti forumun fəxri qonaqlarından biri olacaq və spiker kimi çıxış edəcək.
Xatırladaq ki, forumun əsas məqsədi Türkdilli Dövlətlərin PR mütəxəssislərini bir araya gətirmək, türkdilli ölkələrin PR mütəxəssislərinin qarşılıqlı əməkdaşlığını genişləndirmək, PR sahəsinə yeni tendensiyalar və ideyalar gətirərək bu sahənin inkişafını təmin etməkdir.
Bu günədək forumda Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın PR mütəxəssisləri, həmçinin yerli şirkətlərdə çalışan PR mütəxəssislər iştiraklarını təsdiqləyiblər.