İDMAN
Beynəlxalq “Tour d`Azerbaidjan” veloyürüşünün üçüncü mərhələsinin qalibi və mükafatçıları müəyyən edilmişdir [YENİLƏNİB]
Qəbələ, 3 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 3-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş beynəlxalq “Tour d`Azerbaidjan” veloyürüşünün üçüncü mərhələsinə start verilmişdir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, veloyürüşün Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə (165 km) keçən bu mərhələsində Ukraynanın “İSD” komandasının üzvü Vitali Popkov qalibi gəlmişdir. İkinci yeri Belçikanın “Lotto-Belisol” komandasından Stiq Breyks, üçüncü yeri isə “Synergy Baku Cycling Project” komandasının üzvü Kristofer Şvaytser tutmuşdur.
Xatırladaq ki, “Tour d`Azerbaidjan” veloyürüşü mayın 5-dək davam edəcəkdir. Turnirdə qələbə uğrunda 25 komanda, o cümlədən 17 qitə komandası, 2 klub komandası və 6 yığma komanda mübarizə aparır. Hər komandaya 6 yürüşçü daxildir.
Azərbaycanı bu turnirdə “Synergy Baku Cycling Project” komandası təmsil edir.