ELM VƏ TƏHSİL
BEYNƏLXALQ TÜRKCƏ OLİMPİADASINDA İŞTİRAK EDƏCƏK ŞAGİRDLƏR SON TURDA SEÇİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 20-dən 30-dək İstanbulda 6-cı Beynəlxalq Türkcə Olimpiadası keçiriləcəkdir.
Tədbirdə 100-dən çox ölkənin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi, Azərbaycanda Atatürk Mərkəzi və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin təşkilatçılığı ilə respublikamızdan olimpiadada iştirak edəcək şagirdlərin seçilməsi məqsədi ilə fevralın 16-da yarışların final turunun keçirilməsi planlaşdırılır.
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsindən bildirmişlər ki, final yarışlarında 100-dək şagird arasından seçilən qaliblərə mükafatlar veriləcəkdir.
Olimpiadanın yekun toplantısı və mükafatlandırma mərasimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında təşkil olunacaqdır.