DÜNYA
Bəzək əşyaları 75 min il bundan əvvəl yaranmışdır
Bakı, 10 mart (AZƏRTAC). Paleontoloqlar müəyyən etmişlər ki, təqribən 75 min il bundan əvvəl əcdadlarımız dəbdən düşmüş naxışı təkrar etmədən müxtəlif tipli bəzək əşyaları düzəltmişlər.
İlk boyunbağılar təqribən 100 min il bundan əvvəl yaradılmışdır - bunlar artıq “Homo sapiens”in deyil, ondan əvvəlkilərin əl işləridir. Yaxın Şərqdə və Afrikada tapılmış ilk bəzək əşyaları bir-birinə çox bənzəyir. Lakin bu yaxınlarda Cənubi Afrikada tapılmış və 75 min il yaşı olan boyunbağı standart bir naxışı deyil, bir neçə müxtəlif naxışı nümayiş etdirir.
Blombos mağarasında 72-75 min il yaşı olan tapıntılar “Journal of Human Evolution” jurnalında Bordo Universitetinin tədqiqatçıları tərəfindən təsvir edilmişdir. Alimlər sümük bizlər, yaxşı emal edilmiş daş bıçaqlar, habelə Nassarius kraussianus balıqqulağından düzəldilmiş 68 muncuq tapmışlar. Onların hamısında açılmış deşiklər görmək olar. Alimlərin qarşısında belə bir problem dururdu: əvvəllər muncuqların hansı qayda ilə düzüldüyünü necə müəyyən etməli?
Bu suala cavab vermək üçün tədqiqatçılar balıqqulağını hər tərəfdən diqqətlə nəzərdən keçirmiş və muncuqdan istifadə olunarkən sürtülmüş yerləri tapmışlar. Sonra müasir balıqqulaqlarından belə muncuqlar düzəldilmiş və tərin hərəkətinin imitasiyası üçün zəif sirkə məhlulunda saxlamışlar. Daha sonra isə onu bir neçə saat titrətmək üçün vibrostenddən asmışlar. Bu təbii eksperiment tarixə qədərki dövrdə bəzək əşyasının düzgün konfiqurasiyasını müəyyənləşdirməyə imkan vermişdir.