Azərbaycan Dövlət İnformasiya Agentliyi

“BƏZİ FƏALİYYƏT NÖVLƏRİNƏ XÜSUSİ RAZILIQ (LİSENZİYA) VERİLMƏSİ QAYDALARININ TƏKMİLLƏŞDİRİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2002-Cİ İL 2 SENTYABR TARİXLİ 782 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏAZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında avtonəqliyyat xidmətləri sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi mühitini yaxşılaşdırmaq, xidmət təqdim edənlərə bərabər şərait yaratmaq, ictimai tələbatı müasir tələblərə cavab verən səviyyədə ödəmək, sivil xidmətlər bazarını formalaşdırmaq, sui-istifadə hallarının qarşısını almaq və şəffaflığı təmin edən qaydaların tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 3, maddə 153, № 10, maddə 570; № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 oktyabr tarixli 310 nömrəli Fərmanı) ilə təsdiq edilmiş:

1.1. Əlavə № 2 - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı”na aşağıdakı redaksiyada 35-ci bənd əlavə edilsin:

Sıra №-si Fəaliyyət növünün adı Lisenziya verən icra hakimiyyəti orqanı

35. Avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası, şəhərdaxili sərnişin və yük daşınması Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

1.2. Əlavə № 3 - “Naxçıvan Muxtar Respublikası icra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin Siyahısı”na aşağıdakı redaksiyada 16-cı bənd əlavə edilsin:

Sıra №-si Fəaliyyət növünün adı

16. Avtomobil nəqliyyatı ilə beynəlxalq (Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq), şəhərlərarası və şəhərdaxili sərnişin və yük daşınması

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndinə müvafiq olaraq tətbiq edilən xüsusi razılıq (lisenziya) avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasının bir, bir neçə və ya bütün növlərinin həyata keçirilməsi üçün verilə bilər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. bu Fərmanın 1-ci bəndində göstərilən fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

3.2. avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşınmasını tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. bu Fərmanın 1.1-ci bəndinin icrasının təmin edilməsi ilə bağlı maliyyələşmə və digər məsələləri həll etsin;

3.6. bu Fərmandan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi:

4.1. 2006-cı il iyulun 1-dən etibarən bu Fərmanın 1.1-ci bəndinə müvafiq olaraq xüsusi razılıq (lisenziya) almadan fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə münasibətdə aidiyyəti dövlət orqanları ilə birlikdə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görsün;

4.3. bu Fərmanın 3.2-ci bəndinə müvafiq olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasını tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Naxçıvan Muxtar Respublikasında bu Fərmanın qüvvəyə mindiyi gündən bu Fərmanın 1.2-ci bəndinə müvafiq olaraq xüsusi razılığın (lisenziyanın) verilməsini bu Fərmanın 4.1-ci bəndinin müddəaları nəzərə alınmaqla təmin etsin.

6. Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərdən qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmayan ödənişlərin tutulmasını və hər hansı xüsusi icazə sistemlərinin tətbiq edilməsini təxirəsalmadan ləğv etsinlər.

7. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə № 2 - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı”na Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli 335 nömrəli Fərmanı ilə əlavə edilmiş 34-cü bənd 36-cı bənd hesab edilsin.

8. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin