Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 2023-cü il 19 sentyabr tarixli 4/11 saylı Qərarı ilə ölkə üzrə seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri təsdiq edilmişdir.

“Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanunu ilə Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək Ağdərə rayonu yaradılmışdır.

Bununla əlaqədar olaraq, seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən komissiya Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla bəzi seçki dairələrinin hüdudlarına dair təkliflərini Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Belə ki, 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adlarında qismən dəyişikliklər edilməlidir.

Bundan əlavə yerli şərait və digər şərtlər nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq seçicilər üçün maksimum əlverişli imkanlar yaradılmasının zəruriliyi də diqqət mərkəzində saxlanılmalıdır.

Qeyd edilənlərə əsasən, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.4-cü, 29-cu və 46-cı maddələrinə uyğun olaraq qərara alır:

1. 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələri müvafiq olaraq 96 saylı Goranboy-Naftalan seçki dairəsi, 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi, 118 saylı Ağdam-Xocalı seçki dairəsi, 119 saylı Ağdam seçki dairəsi, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi adlandırılsın və hüdudlarında qismən dəyişikliklər edilsin.

2. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları öz səlahiyyətləri daxilində bu qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görsün.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin