İQTİSADİYYAT
Biləcəri və Xırdalan stansiyalarında son tamamlama işləri görülür
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Dəmir Yollarının Biləcəri və Xırdalan stansiyalarında son tamamlama işləri görülür.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilməsi nəzərdə tutulur. Bununla bağlı hazırlıq işləri başa çatmaq üzrədir.
Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq hazırdır. Hazırda son tamamlama işləri görülür.
Xırdalan stansiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib.