İQTİSADİYYAT
Biləsuvar EŞ müəssisəsində istismar işləri aparılır
Bakı, 10 avqust (AZƏRTAC). Biləsuvar Elektrik Şəbəkə (EŞ) müəssisəsində dayaqlar daha keyfiyyətliləri ilə əvəz olunur, məftillər dəyişdirilir. Transformator məntəqələrinin (TM) yükü azaldılır, istehlakçılar digər TM-lərə qoşulur. Bu da itkilərin azalmasına və dayanıqlılığın yaxşılaşdırılmasına təsir göstərir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, sözügedən təsərrüfatın enerji təchizatı 110 və 35 kilovoltluq yarımstansiya vasitəsilə həyata keçirilir. Transformator məntəqələrinin sayı 400-dən çoxdur. Bu obyektlərdə payız-qış mövsümünə hazırlıq çərçivəsində bütün lazımi tədbirlər icra olunur.
Elektrik enerjisindən qeyri-qanuni istifadə halları azalmışdır. Şəbəkənin istismar səviyyəsinin yaxşılaşdırılması, kabel xətlərinin çəkilməsi, vaxtaşırı reydlərin keçirilməsi, görülən inzibati tədbirlər də qeyd olunan məsələlərə müsbət təsir göstərir.