REGİONLAR
Biləsuvarda taxıl zəmilərindən 82,3 min ton məhsul yığılıb
Biləsuvar, 18 iyul, Mahir Babayev, AZƏRTAC
Biləsuvarın fərdi fermer təsərrüfatlarında taxıl yığımı başa çatıb və zəmilərdən 82,3 min ton məhsul yığılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 29 min 496 hektar sahədə taxıl əkilib. Bunun da 14 min 43 hektarını arpa, 15 min 453 hektarını isə buğda sahəsi təşkil edib. Biçin kompaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə zəmilərdən 83 min 381 ton məhsul toplayıb. Yığılmış məhsulun 45 min 353 tonu buğda, 37 min 28 tonu isə arpa məhsulu olub. Biçin aparılan hər hektardan 27,8 sentner məhsul yığılıb ki, bu da ötən illə müqayisədə 2 sentner çoxdur.
Ayrı-ayrı fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub. Torpaq mülkiyyətçisi Valeh Seyfiyev becərdiyi 55 hektar taxıl sahəsinin hər hektarından 60 sentner məhsul götürərək digər məhsul istehsalçılarından fərqlənib.
Qeyd edək ki, ötən il biləsuvarlı taxılçılar 21 min 19 hektar sahədə taxıl becərib və 56 min 252 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 26,7 sentner olub.