REGİONLAR
Biləsuvarda təşkil olunan yürüşə minlərlə rayon sakini qatılıb
Biləsuvar, 8 noyabr, AZƏRTAC
9 noyabr - Dövlət Bayrağı Günü Biləsuvarda təntənəli şəkildə qeyd olunub. Bu münasibətlə keçirilən yürüşə minlərlə rayon sakini qatılıb.
AZƏRTAC xəbər verir ki, yürüşün əsas məqsədi milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanması olub. Gənclərin çoxluq təşkil etdiyi yürüşdə ziyalılar, idarə, təşkilat, müəssisə kollektivləri, müəllim və şagirdlər, eləcə də KİV nümayəndələri iştirak ediblər.
Beş minə yaxın yürüş iştirakçısı şəhərin Heydər Əliyev prospekti boyunca 2 kilometr məsafəni piyada qət edərək, rayon mərkəzindəki Bayraq meydana gəlib. İzdihamlı tədbirdə daşınan böyük ölçülü bayrağımız yürüş boyu hərbçilərimizin çiyinlərində dalğalanıb. Yürüş rayonun incəsənət ustalarının ifasında vətənpərvər mahnıların, məktəblilərin bayrağımıza həsr olunmuş şeir və rəqslərinin ifası ilə davam edib.