REGİONLAR
Biləsuvarda Vətən müharibəsinin şəhidləri Xalid Gözəlovun və Amid İsmayılovun xatirə lövhələri açılıb
Biləsuvar, 29 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar rayonunda Vətən müharibəsində qəhrəmanlıq göstərərək döyüşlərdə şəhid olan Xalid Gözəlovun və Amid İsmayılovun vəfatının ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Anım mərasimlərində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər iki şəhidin ailə üzvləri ilə görüşən mərasim iştirakçıları onların problemləri və üzləşdikləri çətinliklərlə maraqlanıblar.
Mərasimdə şəhidlərin adlarını əbədiləşdirmək məqsədilə hər iki şəhidin yaşadığı evə vurulmuş xatirə lövhələrinin açılışı olub.
Açılış mərasimlərində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhidlər Xalid Gözəlovun və Amid İsmayılovun qəhrəmanlıqlarından danışıblar.
Qeyd edək ki, Xalid Gözəlov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda”, Amid İsmayılov isə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.