CƏMİYYƏT
Bilgəh qəsəbəsində abadlıq-quruculuq işləri aparılır
Bakı, 19 fevral, AZƏRTAC
Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Azərbaycan qadını küçəsində yerləşən 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidə kompleksində yenidənqurma və abadlıq işləri aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, abidənin ətrafında yeni növ həmişəyaşıl ağaclar əkilir, istismar müddəti bitmiş tikinti materialları yeniləri ilə əvəz olunur, yararsız vəziyyətdə olan hasar və səkilər sökülərək yenisi inşa edilir. Uşaqların asudə vaxtının təşkili məqsədilə oyun meydançası qurulur.
Bundan əlavə olaraq “Bakı Abadlıq Xidməti” MMC və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda rayonun digər qəsəbələrində küçələrin genişmiqyaslı abadlaşdırılması işləri davam etdirilir.
Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, məişət tullantılarının toplanması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.
Rayonun bütün qəsəbələrində də təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.