ELM VƏ TƏHSİL
Bilik Fondu ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri alimlərlə görüşdürüb
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçirib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Fizika İnstitutu direktorunun elmi işlər üzrə müavini, akademik Cavad Abdinov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, BDU-nun riyazi fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov, BDU-nun mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərli, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanlı, Bilik Fondunun əməkdaşları və Könüllülər Birliyinin üzvləri, tələbə adını qazanmış abituriyentlərin valideynləri iştirak ediblər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tələbələri yeni dərs ilinin başlanması münasibətilə, həmçinin əldə etdikləri yüksək nəticəyə görə təbrik edib, onlara uğurlar arzulayıb.
Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini xatırladan O.Səmədov iki gün öncə Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüş gəncləri bundan sonra daha da səylə çalışmağa, Azərbaycanın gələcəyi üçün savadlı və gərəkli kadrlar kimi yetişməyə, ölkənin insan kapitalını zənginləşdirməyə çağırıb. O deyib: “Qəbul imtahanlarında heç bir səhvə yol verməyən abituriyentlər olduğunuza görə sizi elmin ən yüksək zirvəsində dayanan akademiklərimizlə görüşdürürük. Ölkəmizdə təhsilin sürətlə inkişafının nəticəsində ən çox bal toplayan tələbələrin sayı ötən il 15 nəfər olmuşdusa, bu il 29-a çatdı. Bu hadisə hamının sevincinə səbəb oldu. Azərbaycanda təhsilin elmə inteqrasiyası prosesi sürətlə davam etdirilir. Əminik ki, siz məhz bu prosesdən faydalanacaq və uğurlarınızla bundan sonra da ictimaiyyəti sevindirəcəksiniz”.
Sonra təbrik üçün söz alimlərə verilib.
Akademik Nərgiz Axundova qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə alimlərin bir araya gəlməsinin təqdirəlayiq hal olduğunu deyib: “Bəziləriniz elmin arxasınca gedəcək, bəziləriniz istehsalatı seçəcəksiniz. Fərq etməz, biz alimlər həmişə sizin yanınızda olacağıq. Əsas odur ki, seçdiyiniz hər hansı peşəni mükəmməl öyrənəsiniz. Dövlət daim qayğınıza qalır, bu imkanlardan istifadə edərək, gələcək həyatınızda məqsədinizə çata və cəmiyyətimizin inkişafına təkan verə bilərsiniz”.
Akademik Vaqif Fərzəliyev yüksək nailiyyət qazanan tələbələri, onların valideynlərini və müəllimlərini təbrik edib. O deyib: “Sizin bitirdiyiniz məktəblər barədə məlumatlarla tanış olanda bir həqiqət aşkara çıxır. Əsas o deyil ki, tanınmış məktəbləri bitirəsiniz, əsas odur ki, harada oxumağınızdan asılı olmayaraq, dərslərinizi mükəmməl öyrənəsiniz. Siz bu nümunəni təqdim etdiniz. Yüksək təhsil almaqla elmin yolu ilə büdrəmədən gedə bilərsiniz”.
Akademik Möhsün Nağısoylu bildirib: “Ən şərəfli yol elmin, biliyin yoludur. Bu barədə peyğəmbərlər, dahi şairlər, yazıçılar çox dəyərli fikirlər səsləndiriblər. Sizi qarşıda yeni sınaqlar gözləyir. İnanıram ki, belə uğurlu başlanğıcla ən çətin maneələri asanlıqla aşacaq və daha böyük nailiyyətlər əldə edəcəksiniz. Sizə sevgi arzulayır, bütün işlərinizi məhəbbətlə görməyi tövsiyə edirəm”.
Akademik Cavad Abdinov tələbələri qəhrəmanlar adlandırdı: “O adama hörmət edirlər ki, sənətini mükəmməl bilir. Peşənizi mükəmməl bilin, sevgi ilə tətbiq edin, vətənə və dövlətə xeyir verin”.
Akademik Yusif Məmmədov tələbələri təbrik edərək deyib: “Siz yüksək mərhələni fəth etmisiniz. Ancaq oxuduqca görəcəksiniz ki, bilmədiyiniz çox şeylər var. Bütün bağlı qapıları biliyin gücü ilə açacaqsınız. Öyrəndiyiniz hər şeyi elmi səviyyədə dərk etməyə çalışın. Onda görəcəksiniz ki, qarşınızdakı çətinliklər aradan qalxır”.
Professor Anar İsgəndərli tələbələrin uğura Cümhuriyyətin 100 illiyi ərəfəsində çatdıqlarının ikiqat bayram olduğunu bildirib: “100 il öncə 100 tələbə xaricə oxumağa göndərildi. Onların taleyi acı oldu. Aprel işğalı onların arzularını belə, işğal etdi. Ancaq siz müstəqil ölkənin vətəndaşlarısınız. Savadlı təhsilinizlə ölkəmizin əbədi müstəqilliyini qoruya və daha işıqlı gələcəyə daşıya bilərsiniz”.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən söz açıb. O deyib: “Siz Prezident təqaüdünə layiq görülmüsünüz. Bu etimadı sona qədər doğrultmaq borcunuzdur. Uğurlarınızın daha bol olacağına inanır və hər zaman sizə dəstək verməyə hazır olduğumuzu bildiririk”.
Müstəqil həyata qədəm qoyan tələbələr tanınmış elm xadimlərinin elm, təhsil sahəsində uğur qazanmaq, həyatda layiqli yerlərini tutmaq, gərəkli vətəndaş olmaq üçün verdikləri dəyərli tövsiyələri dinləyib, onları maraqlandıran suallara ətraflı cavab alıblar.
Göstərilən diqqətə görə Bilik Fonduna minnətdarlığını bildirən tələbələr və onların valideynləri dövlətin gənclərə, onların təhsilinə ayırdığı qayğıdan danışıblar. Tələbələr müxtəlif ali təhsil müəssisələrində təhsillərini ən yüksək səviyyədə davam etdirəcəklərinə söz veriblər.
Akademiklərlə səmimi görüşün sonunda alimlər 700 bal toplayan abituriyentlərə Bilik Fondunun hədiyyələrini təqdim ediblər.