ELM VƏ TƏHSİL
Bilik Fondu bölgələrdə ideoloji mühazirələr təşkil edib
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Gəncə, Beyləqan, Hacıqabul və Şuşa sakinləri üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr təşkil olunub.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, mühazirələrdə sakinlərə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verilib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən danışılıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsi ölkəmizdə davamlı inkişafın təməlini qoyub, bu gün Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son illərdə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirib, siyasi, iqtisadi və mədəni sahələrdə çox böyük uğurlara imza atıb.
Mühazirələrdə Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinin zəruriliyindən, ölkə Prezidentinin fərman və sərəncamlarının, Milli Məclisin qəbul etdiyi qanunların mahiyyətindən, yerli sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, tikinti sektorunun canlandırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı konfranslar və idman yarışlarından, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlərdən ətraflı bəhs olunub.
İnteraktiv formada keçən mühazirələrdə yerli ictimaiyyətin nümayəndələri çıxış edərək onları maraqlandıran aktual məsələlərə toxunub, gələcəkdə Fond tərəfindən təşkil olunacaq tədbirlərin mövzuları ətrafında fikir mübadiləsi aparıb, eyni zamanda, ölkə başçısının siyasi kursunu, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, ölkəmizdə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işlərinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin əhaliyə dolğun şəkildə çatdırılması məqsədilə Bilik Fondu silsilə maarifləndirici mühazirələrini davam etdirir.