ELM VƏ TƏHSİL
Bilik Fondu istiqlal şairi Əhməd Cavada həsr olunmuş maarifləndirici tədbir keçirib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu aprelin 27-də Bakı İdarəetmə və Texnologiya Kollecində dövlət himnimizin müəllifi Əhməd Cavada həsr olunmuş “Əhməd Cavad - istiqlalımızın tərənnümçüsü” mövzusunda maarifləndirici tədbir keçirib.
Məruzəçi “Azərbaycan” qəzetinin müxbiri, filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlı 45 yaşında Stalin repressiyasının qurbanı olmuş şairin ömür yolundan, yaradıcılığından danışıb. O, müəllifi olduğu “Əhməd Cavad”, “Cümhuriyyət şairi”, “Əhməd Cavadın yaradıcılıq yolu” kitablarını kollecin kitabxanasına hədiyyə edib.
Bilik Fondunun sektor müdiri Hacı Abdulla Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına uyğun olaraq keçirilən tədbirlər barədə danışıb, belə ədəbi-bədii tədbirlərin gənclərin vətənpərvərlik, estetik tərbiyəsində böyük əhəmiyyətini qeyd edib.
Tədbirdə Əhməd Cavadın şeirləri, sözlərinə yazılmış mahnılar səslənib, tələbələrin sualları cavablandırılıb.