ELM VƏ TƏHSİL
Bilik Fondu Mehdiabad və Fatmayı məscidlərinə kitablar hədiyyə edib
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu məscidlərin elmi, bədii, dini, dünyəvi kitablarla təminatı missiyasını uğurla davam etdirir.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, qurumun “Məscid kitabxanası” layihəsi çərçivəsində həyata keçirilən missiyaya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi dəstək olur. Belə ki, kitablar bu qurumların tövsiyəsi ilə seçilir. “Məscid kitabxanası” layihəsinin növbəti ünvanı Mehdiabad və Fatmayı qəsəbələrində fəaliyyət göstərən məscidlər olub. Fondun mətbuat katibi Ceyhun Musaoğlunun iştirakı ilə məscid rəhbərliyi və dindarlarla görüşlər keçirilib, onlara layihənin mahiyyəti barədə məlumat verilib.
Dindarlar məscidlərə kitablar hədiyyə olunmasını böyük ruh yüksəkliyi ilə qarşılayıb, İslam dininin elmə, savada çox böyük üstünlük verdiyini vurğulayıblar. Bu cür layihələrin həyata keçirilməsi həm dindarlar, həm cəmiyyətimiz, həm də ayrı-ayrı fərdlər üçün çox faydalıdır.