ELM VƏ TƏHSİL
Bilik Günü Zərdabda üç yeni məktəb binasının istifadəyə verilməsi ilə əlamətdar olmuşdur
Zərdab, 17 sentyabr (AZƏRTAC). Bilik Günündə Zərdab rayonunun Çallı, İsaqbağı və Aşağı Seyidlər kəndlərində yeni məktəb binaları istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, yeni binaların açılışı münasibəti ilə təntənəli mərasimlər keçirilmişdir. Bu mərasimlərdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev, Milli Məclisin deputatı Jalə Əliyeva və başqaları ölkəmizdə həyata keçirilən uğurlu təhsil islahatından, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışlar. Qeyd olunmuşdur ki, son 10 ildə Zərdabda 2376 şagird yerlik 13 məktəb binası tikilib istifadəyə verilmişdir. Onlardan 2-si Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilmişdir. Bu gün isə 660 şagird yerlik daha üç yeni bina istifadəyə verilir. Dövlət vəsaiti hesabına tikilən hər üç məktəb binası müasir inventar və avadanlıqlarla təchiz olunmuşdur.
Bu münasibətlə müəllim və şagirdləri təbrik edən natiqlər məktəblərdə tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradıldığını diqqətə çatdırmışlar.
Açılış mərasimlərində çıxış edən valideynlər, müəllim və şagirdlər regionlarda təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.