MƏDƏNİYYƏT
“Biliklər və elm aləminə virtual səyahət” layihəsi uğurla həyata keçirilir
Bakı, 3 sentyabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyi tərəfindən respublikamızın bir sıra şəhər və rayonlarında “Biliklər və elm aləminə virtual səyahət” layihəsi uğurla həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində maarifləndirici-animasiya filmləri 2 ədəd “Atmasfera 360” sferik kinoteatrlarında nümayiş etdirilir. Gün ərzində 5-6 seansla (giriş sərbəstdir) həmin regionların bütün yeniyetmə sakinlərinə filmləri seyr etmək imkanı yaradılmışdır. “Kaluokahina. Tilsimlənmiş rif” və “Kainatın sahibləri” filmləri Azərbaycan dilində nümayiş etdirilir. Hər iki film maarifləndirici və əyləncəli xarakter daşıyır.
Filmlər proyektorlar vasitəsilə 360 dərəcəli görüntülü kürəşəkilli tavana salınır. Beləliklə də, filmin görüntüləri tamaşaçıları hər tərəfdən əhatə edir.
“Kaluokahina. Tilsimlənmiş rif” filmini izləyərkən, tamaşaçı okean dərinliklərinə baş vurur. Oradakı heyrətamiz, qeyri-adi gözəlliyə malik olan canlıları görmək imkanı qazanır. Film Kaluokahina rifinin sakinləri olan balıq və başqa okean canlılarının öz riflərini insanlardan qorumasından bəhs edir. Film maarifləndirici xüsusiyyətlər və şən yumorla zəngindir.
“Kainatın sahibləri” filmi isə xüsusi effektlər, musiqi və inanılmaz kompyuter qrafikası vasitəsilə izləyicini göylərə, açıq kosmosa aparır. Tamaşaçıda belə bir hiss yaranır ki, sanki o, zalda əyləşməyib, kanyonlara baş vurur və açıq kosmosda uçur. Filmin məzmunu Kainatın böyük partlayışdan əmələ gəlməsi və bu günədək inkişafından bəhs edir.
Filmlərin Goranboy, Samux, Gəncə, Daşkəsən, Göygöl rayonlarında da nümayişi nəzərdə tutulmuşdur.