“Bilim Quba” mərkəzi - 1 il
Bakı, 14 may, AZƏRTAC
Bu gün “Bilim Quba” mərkəzinin fəaliyyətə başlamasının 1 ili tamam olur.
AZƏRTAC xəbər verir ki, mərkəz “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”nin “Bilim Azərbaycan” layihəsi çərçivəsində fəaliyyət göstərir.
Quba “ASAN Həyat” kompleksində yerləşən mərkəzdə təbiət elmləri, riyaziyyat, astronomiya, kosmos və aviasiya, dizayn laboratoriyaları mövcuddur. Hər bir laboratoriyada eyni vaxtda 20 nəfər olmaqla, ümumilikdə 80 şagird təlimlərdə iştirak edə bilər.
Ötən müddət ərzində mərkəzdə təşkil edilən müxtəlif istiqamətli tədbirlərdə fərdi olaraq 3000-ə yaxın uşaq, məktəblərdən isə 2 mindən çox şagird iştirak edib. 20-dən çox fərqli layihəyə isə 6 minə yaxın şagird və valideyn qoşulub.
Ümumilikdə “Bilim Quba” mərkəzinin fəaliyyətlərindən yararlanan şagird sayı 11 min 300 nəfərdən çoxdur.
Burada gələcəyin tələblərinə uyğun layihə əsaslı və problemyönümlü təhsil yanaşmasını tətbiq edən “Deneyap” texnologiya proqramı da həyata keçirilir. 2025-ci ilin aprel ayında Qubada təşkil olunan seçim imtahanında 1000 şagird arasından seçilən 80 nəfər sözügedən proqramda təhsil almaq hüququ qazanıb. Bu çərçivədə şagirdlər 11 fərqli mövzu üzrə texnologiya və layihələrin inkişafına əsaslanan təlimlərə cəlb olunublar.
“Bilim Azərbaycan” layihəsi 2021-ci il sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) arasında imzalanmış Anlaşma Protokolu əsasında həyata keçirilir. Məqsəd 6–14 yaş arası uşaqlarda elm, texnologiya, sahibkarlıq və innovasiya sahələrinə marağı artırmaq, onları XXI əsrin tələblərinə uyğun bilik və bacarıqlarla təmin etməkdir.
Layihənin ilk nümunəsi olan “Bilim Bakı” mərkəzi 2022-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Nobel mükafatı laureatı professor Əziz Sancarın iştirakı ilə istifadəyə verilib.