CƏMİYYƏT
Binə qəsəbəsində “Ford” markalı avtomobilin vurduğu 14 yaşlı qız ölüb
Bakı, 18 yanvar, AZƏRTAC
Xəzər rayonunda və Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini, 14 yaşlı Nəsibə Teymurova Bakı şəhər sakini A.Allahverdiyevin idarə etdiyi “Ford” markalı avtomobillə vurulub. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Gəncədə isə şəhər sakini, 15 yaşlı Ş.Hacıyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.
Hər iki hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.