CƏMİYYƏT
“Binə” ticarət mərkəzində baş vermiş hadisə ilə bağlı cinayət işi açılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Qaradağ rayonunun ərazisindəki “Binə” ticarət mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərmiş və nəqliyyatın hərəkətini iflic etmişlər.
Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olmuş birgə məlumatda deyilir ki, ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmişlər. Nəticədə 10 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş, bir neçə xidməti avtomobilə ziyan vurulmuşdur.
Əraziyə cəlb olunmuş asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınmışdır.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılmışdır, istintaq aparılır.