İQTİSADİYYAT
Binəqədi rayonunun qaz təchizatı yaxşılaşdırılır
Bakı, 27 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Аzəriqaz” İstehsalat Birliyi (İB) Bakıda və Abşeron rayonunda yerləşən və təbii qazla təmin olunmayan yaşayış ərazilərinin tam qazlaşdırılması, istehlakçıların təbii qazla keyfiyyətli təmin olunması istiqamətində məqsədyönlü tədbirləri davam etdirir.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, Bakının Binəqədi rayonunun Binəqədi, Sulutəpə, Xocasən, M.Ə.Rəsulzadə qəsəbələrində, 6-cı və 7-ci mikrorayonlarda, Binəqədi yolu ətrafındakı yeni yaşayış massivlərinin ərazilərində yerləşən əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədi ilə qaz xətlərinin yenidən qurulması, yeni qaz xətlərinin çəkilməsi istiqamətində 2011-ci ildə nəzərdə tutulan işlər tamamlanmışdır. Bununla yanaşı, 5-ci Şimal küçəsində, Binəqədi qəsəbəsi 1-ci Mədən adlanan ərazidə yerləşən 40-43 və 44-cü korpuslarda, 6-cı mikrorayonun qərb hissəsində yerləşən yaşayış sahəsində yeni küçəyə qaz kəmərlərinin çəkilməsi də başa çatdırılmışdır. Eyni zamanda 2-ci Mədən ərazisində polad boruların yenidən qurulması, Binəqədi qəsəbəsi 2-ci Mədən, 93-cü korpusda yerləşən evlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə yenidənqurma və təmir işləri də tamamlanmışdır. Binəqədi qəsəbəsi və Binəqədi kəndində, İsfahanlı, M.Ə.Rəsulzadə və C.Cabbarlı küçələrinin qaz təchizatının yaxşılaşdırılması üçün tikinti-quraşdırma işləri yekunlaşmışdır. Görülən işlər nəticəsində rayonun əhali abunəçilərinin “mavi yanacaq” təminatı nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır.
Bundan başqa, ötən il Binəqədi rayonu üzrə 11 min 265 qaz sayğacı “smart-kart” tipli yeni elektron qaz sayğacları ilə əvəz olunmuşdur. Rayonun daha 16 yaşayış ərazisində qaz təminatının yaxşılaşdırılması məqsədi ilə yenidənqurma işləri davam etdirilir.