İQTİSADİYYAT
Binəqədi şosesində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Binəqədi şosesi boyu tikinti işlərinin əsas hissəsi artıq yekunlaşıb və bir müddət bağlı qalan yolda bu gecədən etibarən hərəkət bərpa olunub.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib.
Məlumata əsasən, bundan sonra təmir-tikinti işləri, o cümlədən asfalt-beton örtüyünün son qatının döşənməsi də hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək.
Yenidən qurulan yolun uzunluğu 2.6 kilometr təşkil edir. Layihə çərçivəsində yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunur. Hərəkət hissəsinin eni 15 metr və 1 metr enində boya ilə xətlənmiş ayrıcı zolaq da olmaqla, yolun ümumi eni 19 metr olacaq.
Qeyd olunub ki, yenidənqurma işlərinin 1-ci mərhələsində şoseboyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb, ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısı alınıb.
Bundan başqa, intensiv yağışlar zamanı yolun su ilə dolmasının qarşısını almaq məqsədilə “4-cü qapı” küçəsi ilə kəsişmədə və “4 yol” deyilən ərazidə tullantı sularının axıdılması üçün nəzərdə tutulmuş kanalların suyunun Binəqədi şosesinin altından ötürülməsini təmin edən və ötürmə qabiliyyətini itirmiş köhnə borular yeniləri ilə əvəzlənib. Ümumilikdə 5 nöqtədə 8 yeni borunun tikintisi, 2-nin isə təmiri aparılıb.
Eyni zamanda, yolboyu yeni 2.8 kilometr uzunluğunda yağış kollektoru və 2 böyükhəcmli kollektor quyular inşa edilib. Yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsi məqsədilə yolun hər bir istiqaməti üzrə 300 millimetrlik drenaj borular çəkilib və yağış barmaqlıqları quraşdırılıb.
Hazırda 2-ci mərhələ çərçivəsində bundan sonra avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün 6 yerdə “cib”li dayanacaqlar tikilir, vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə hər bir tərəfdə 1.5 metr enində yeni piyada səkiləri inşa olunur, kənarlarına isə 4600 poqonmetr yeni səki daşları düzülür.
Bu işlərə paralel olaraq yola sonuncu qat asfalt-beton örtüyünün döşənməsi işləri də davam etdiriləcək. Ümumilikdə isə yolun 40 min kvadratmetrdən çox hissəsinin asfaltlanması planlaşdırılır. Həmçinin yolun hər bir tərəfində yeni işıq dirəklərinin quraşdırılması da nəzərdə tutulub.
Bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılır. İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Bakı şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Binəqədi şosesində yenidənqurma işləri 2 mərhələ üzrə aparılır.