CƏMİYYƏT
Binəqədidə 11 evdən qızıl-zinət əşyaları və 80 min manat pul oğurlayan şəxs saxlanılıb
Bakı, 27 yanvar, AZƏRTAC
Son bir neçə ayda Binəqədi qəsəbəsi və ətraf ərazilərdə fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxs Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Sabunçu rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Salamov əməliyyat nəticəsində tutularaq istintaqa təqdim edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı onun təkcə Binəqədi rayonunda 11 evdən ümumi dəyəri 50 min manat olan qızıl-zinət əşyaları və 80 min manata yaxın nağd pul oğurladığı məlum olub. Vüsal Salamovun törətdiyi oğurluq hadisələrinin bir qismi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı saxlanılan şəxs barəsində 43-cü polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. V.Salamovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Onun paytaxtda digər analoji cinayətlər törətdiyi istisna olunmur. V.Salmanovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.