ELM VƏ TƏHSİL
Biofizika İnstitutu ilə Ankara Universiteti arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunun əməkdaşı, biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rasim Aslanov Türkiyənin Ankara səhərində elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ezamiyyətin məqsədi Ankara Universitetinin fizika fakültəsi ilə əlaqə yaratmaq, orada aparılan elmi işlərlə bilavasitə tanış olmaq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi idi.
Elektron Paramaqnit Rezonansı (EPR) metodunu tətbiq etməklə fibrilyar zülalların quruluşunu və onda baş verən dinamik prosesləri tədqiq edən Rasim Aslanov ezamiyyət müddətində Ankara Universitetinin fizika fakültəsində EPR metodu ilə aparılan spin zond və spin nişanlar tətbiq etməklə yerinə yetirilən elmi işlərlə yaxından tanış olub, təcrübə mübadiləsi və müzakirələr aparıb.
Ezamiyyət çərçivəsində xarici həmkarlarla birgə tədqiqatlar aparmaq imkanları da müzakirə olunub.