REGİONLAR
Bir sıra rayonlarda virus mənşəli nodulyar dermatit xəstəliyinin kliniki əlamətləri qeydə alınıb
Bakı, 17 iyul (AZƏRTAC). Bir müddət əvvəl İraq, Türkiyə və İran ərazilərində qeydə alınan, iribuynuzlu heyvanlar arasında yayılan nodulyar dermatit virus xəstəliyinin kliniki əlamətləri ölkəmizin Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarında saxlanılan heyvanlar arasında müşahidə olunmaqdadır.
Hazırda xəstəlik müşahidə edilən heyvanlar arasında simptomatik (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizminin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən tədbirlər) müalicə tədbirləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, xəstəliyin qarşısının alınması məqsədilə bir sıra rayonların heyvan bazarları bağlanıb. Hazırda həmin ərazilərdə ciddi şəkildə dezinfeksiya tədbirləri aparılır. Bu işlərin yüksək səviyyədə təşkili istiqamətində yerli rayon icra hakimiyyətləri də yaxından iştirak edirlər.
Nodulyar dermatit xəstəliyi virus mənşəli olmaqla qısa müddətli qızdırma, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyin qansorucu həşəratlar vasitəsilə - transmissiv yolla yalnız iribuynuzlu heyvanlar arasında yayılması aşkar edilib. Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsi, inəklərdə cinsi siklin, törədici buğalarda müvəqqəti cinsi fəallığın pozulması ilə səciyyələnir.
Xatırladırıq ki, hələlik heyvanlar arasında tələfat müşahidə edilmir. Təsərrüfatlarda mütəmadi olaraq profilaktiki baytarlıq-sanitariya tədbirləri həyata keçirilir.
DBX əhalinin nəzərinə çatdırır ki, heyvanlar arasında hər hansı narahatçılıq olduğu zaman yerli baytarlıq orqanlarına müraciət olunsun, heyvanların bazara çıxarılmasına yol verilməsin, qansorucu həşəratlara qarşı dezinseksiya (çimizdirilmə) tədbirləri davam etdirilsin.
Xəstəliyə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə-profilaktik, sağlam heyvanlarda profilaktiki tədbirlər, dezinfeksiya işləri görülür.