Bir xəyalın ardınca BDU-ya
Bakı, 28 avqust, AZƏRTAC
Ali məktəbə qəbul olmaq illərlə qurulan xəyalların həqiqətə çevrildiyi ən yaddaqalan anlardan biridir. Şəhid baş gizir İlkin Süleymanovun övladı Nuray Mahirzadə üçün isə bu sevincin xüsusi mənası var. Bərdə rayonunun İlqar Abbasov adına Kələntərli kənd tam orta məktəbinin məzunu olan Nuray 432,1 balla Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasına əyani təhsil forması üzrə qəbul olub.
Nuray AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycan dili və ədəbiyyatı yalnız seçdiyi ixtisas deyil, maraq göstərdiyi və öyrənməkdən zövq aldığı bir sahədir. Məhz bu maraq onun ali təhsil seçimində əsas amillərdən birinə çevrilib: “Bu sahə mənim üçün çox maraqlıdır. Azərbaycan dilini və ədəbiyyatını daha dərindən öyrənmək, bu istiqamətdə biliklərimi artırmaq istəyirəm. Hazırlıq prosesində mənə ən çox ailəm və dostlarım dəstək oldular. Onların mənə olan inamı mənim üçün çox dəyərli idi. Çətin anlarda yanımda olduqlarını hiss etmək mənə böyük ruh yüksəkliyi verirdi. Dərslər bəzən çox çətin olurdu və bəzi mövzuları anlamaqda çətinlik çəkirdim. Belə vaxtlarda müəllimlərimin dəstəyi mənə çox kömək edirdi. Onların izahları sayəsində başa düşmədiyim mövzuları mənimsəyir və qarşıma çıxan çətinliklərin öhdəsindən gəlirdim.
BDU tələbəsi olmaq mənim ən böyük xəyalım idi. Bu sevinci sözlərlə ifadə edə bilmərəm. Tələbə adını qazandığımı öyrəndiyim an çox böyük sevinc yaşadım. Həmin an bütün zəhmətimin və çəkdiyim əziyyətlərin qarşılığını aldığımı hiss etdim”.
Universitet qapısından içəri qədəm qoymaqla Nurayın qarşısında yalnız yeni təhsil mərhələsi deyil, özünü sınayacağı, maraqlarını daha da genişləndirəcəyi bir yol açılır. Onun arzuları isə universitet illəri ilə məhdudlaşmır. Gələcəkdə qazandığı bilikləri cəmiyyətə və Vətəninə fayda verəcək işlərə yönəltmək, öz əməyini ölkəsinin gələcəyinə töhfəyə çevirmək istəyir.