CƏMİYYƏT
Birdəfəlik ödəməni almaq üçün yaşı 80-ni ötmüş şəhid valideynlərinə yaşadıqları ünvanlarda plastik kartlar təqdim edilib
Bakı, 1 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam etdirilir.
Bank hesablarına birdəfəlik ödənişin köçürülən vərəsələrdən ikisi – Bakının Suraxanı rayon sakini, şəhid anası Hüseynova Məryəm Əbdül qızı 84 yaşında və Şamaxı rayon sakini, şəhid atası Nuhov Cüməli Seyidəli oğlu 83 yaşındadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsünə əsasən, onlara birdəfəlik ödəməni almaq üçün plastik kartlar yaşadıqları ünvanlarda təqdim edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müvafiq bankın əməkdaşı hər iki şəhid valideyninə plastik kartları təqdim edib.
Qeyd olunub ki, ölkəmizdə aparılan uğurlu sosial siyasət şəhid ailələrinə dövlət qayğısının da mütəmadi olaraq artırılmasına səbəb olur. Dövlət başçısının müvafiq fərmanları ilə 12268 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi bunun əyani təsdiqidir. İndiyədək 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və indiyədək 3100 şəhidin 4200 vərəsəsinə ödəniş edilib. Bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi bu il ərzində başa çatdırılacaq.
Ömrün ixtiyar çağlarını yaşayan veteranlar şəhid ailələrinə göstərilən yüksək qayğıya, şəhid vərəsələrinə humanist yanaşmanın təzahürü kimi onlara birdəfəlik ödəmənin verilməsinə, 2019-cu il yanvarın 30-da verilən Fərmanla isə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılaraq 242 manatdan 300 manata çatdırılmasına görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.