BİRGƏ MƏTBUAT KONFRANSI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 13-də, rəsmi sənədlərin imzalanmasından sonra dövlət başçıları Litva Prezidentinin sarayında birgə mətbuat konfransı keçirmişlər.
Prezident Valdas Adamkus təkbətək və geniş tərkibdə görüşlərdə ikitərəfli əlaqələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə edildiyini, regional problemlər barədə fikir mübadiləsi aparıldığını bildirdi. O dedi ki, Litva Azərbaycanın Avratlantik strukturlarına inteqrasiyasına kömək etməyə və bu sahədə öz təcrübəsini bölüşməyə həmişə hazırdır. Azərbaycan Prezidentinin Litvaya rəsmi səfərinin gedişində imzalanmış sənədlər ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasına ilk rəsmi səfərinin gedişində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Azərbaycanda Litva ilə münasibətlərə böyük əhəmiyyət verildiyini, bu münasibətlərin son vaxtlar xeyli inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Litvaya səfərinin ölkələrimizi və xalqlarımızı yaxınlaşdıracağına, münasibətlərimizin daha yüksək səviyyəyə çatacağına əminliyini söylədi.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Prezident Valdas Adamkusa təşəkkür etdi və əmin olduğunu bildirdi ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir.
Litva Prezidenti Valdas Adamkus Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz ölkəsinin vasitəçi qismində iştirakını təklif etdi və bildirdi ki, bundan ötrü Ermənistan tərəfinin də razılığı zəruridir.
(Mətbuat konfransı haqqında ətraflı hesabat qəzetin növbəti nömrələrində dərc olunacaqdır).