RƏSMİ XRONİKA
BİRGƏ MƏTBUAT KONFRANSI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 1-də Batumidə GUAM-ın sammitinin plenar iclası başa çatdıqdan sonra dövlət başçılarının birgə mətbuat konfransı olmuşdur.
Dövlət başçıları əvvəlcə şəkil çəkdirmişlər.
Mətbuat konfransını Gürcüstan Prezidenti Mixeil Saakaşvili açmışdır. Zirvə görüşündə vacib məsələlərin müzakirə olunduğunu bildirən Gürcüstan Prezidenti, Batumi sammitinin uğurla keçdiyini qeyd etdi. Bildirdi ki, GUAM üzv və tərəfdaş ölkələrin əməkdaşlığı üçün əhəmiyyətli təşkilatdır.
Ukrayna Prezidenti Viktor Yuşşenko təşkilat daxilində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi və bildirdi ki, bu sammitdə qəbul edilən qərarlar münasibətlərin dərinləşdirilməsi və inkişafı baxımından mühüm addım hesab olunmalıdır.
Sammitin təşkilinə və qonaqpərvərliyə görə Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə təşəkkür edən Azərbaycan Prezidenti İlham Əliyev bugünkü zirvə görüşünün GUAM-ın gələcək inkişafı baxımından əhəmiyyətli olduğunu bildirdi. GUAM-ın bir təşkilat kimi əhəmiyyətinin getdikcə artdığını bildirən Azərbaycan Prezidenti qeyd etdi ki, üzv ölkələr bir-birini dəstəkləyir. Prezidenti İlham Əliyev bu yaxınlarda BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair Qətnamənin qəbulu zamanı GUAM dövlətlərinin ölkəmizi dəstəkləməsini yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı regional təhlükəsizlik məsələlərinə toxundu və Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemləri diqqətə çatdırdı. Qeyd etdi ki, münaqişə nəticəsində bir milyondan artıq insan doğma torpaqlarından didərgin düşüb, onların insan haqları kobud şəkildə pozulub, ərazilərimizin 20 faizi işğal olunub. Prezidenti İlham Əliyev xüsusi vurğuladı ki, bu münaqişələrin həlli yalnız beynəlxalq hüquq normaları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində mümkündür. Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğunu, bu əməkdaşlığın enerji sektoprunda da davam etdiyini söylədi, qeyd etdi ki, bu gün səhər Azərbaycan qazı Batumi sakinlərinin mənzillərində yandırılmışdır. Bu bizim yüksək səviyyədə olan əməkdaşlığımızın təzahürüdür. Bizim müxtəlif sahələrdə əlaqələrimiz inkişaf edir. Azərbaycanın və Gürcüstanın enerji layihələrində birgə iştirakını diqqətə çatdıran dövlətimizin başçısı bəyan etdi ki, Xəzər dənizi, Qara dəniz və Baltik dənizi hövzəsində yeni əməkdaşlıq təşəbbüsləri vardır.
Azərbaycan Prezidenti çıxışına “Bizim siyasətimiz regionun təhlükəsizliyinə yönəlib” sözləri ilə yekun vurdu.
Polşa Prezidenti Lex Kaçinski çıxış edərək GUAM-la əməkdaşlığın ölkəsi üçün böyük önəm daşıdığını qeyd etdi, enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı. GUAM dövlətlərinin Avropa strukturlarına inteqraiyasını dəstəklədiyini bildirdi, iqtisadi əlaqələrin inkişafına tərəfdar olduğunu söylədi. Polşa Prezidenti qeyd etdi ki, onun ölkəsi GUAM dövlətlərinin ərazi bütövlüyünü dəstəkləyir. Bu ölkələrin ərazi bütövlüyünün pozulması yolverilməzdir.
Litva Prezidenti Valdas Adamkus çıxış edərək GUAM-ın əməkdaşlıq baxımından əhəmiyyətini vurğuladı, müasir dövrdə münaqişələrin, dövlətin ərazisinin güc yolu ilə tutulmasının yolverilməz olduğunu bildirdi. V.Adamkus münaqişələrin həllinin regionun daha da çiçəklənməsinə və inkişafına şərait yaradacağını qeyd etdi.
Sonda GUAM-ın baş katibi Valeri Çeçelaşvili bəyanatla çıxış etdi. O, Azərbaycanın sədrliyi dövründə GUAM-ın xeyli inkişaf etdiyini, fəaliyyətinin genişləndiyini bildirdi.