İQTİSADİYYAT
Birinci Avropa Oyunlarınadək paytaxtın yol-nəqliyyat infrastrukturunda ciddi layihələr reallaşdırılacaqdır
Bakı, 31 mart (AZƏRTAC). Bakıda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində ciddi layihələr reallaşdırılacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə nəqliyyat naziri Ziya Mənmədov bildirmişdir.
Paytaxtda Heydər Əliyev prospektinə alternativ yolun salınacağını deyən Z.Məmmədov qeyd etmişdir ki, artıq yolun layihələndirmə işləri başa çatmışdır. Tezliklə tikinti işlərinə başlanacaqdır. Yeni prospekt “Gənclik” meydanını Zabrat yol qovşağı ilə birləşdirəcəkdir. Beləliklə də həm Heydər Əliyev prospektinə, həm də Zabrat istiqamətinə giriş-çıxış əldə olunacaqdır.
Keşlə dəmir yolu stansiyasının da bu ərazidə yerləşdiyini vurğulayan nəqliyyat naziri demişdir ki, dəmir yolunun üzərindən təxminən 1200 metr uzunluğunda yeni körpü salınacaq, eyni zamanda, Ziya Bünyadov prospekti ilə Koroğlu dairəsi yaxınlığında tikilən stadionun arxasından keçəcək yeni tunel də inşa olunacaqdır.
Metronun “Gənclik” stansiyası yaxınlığındakı yeraltı yol qovşağının tikintisi də iyulda tamamlanacaqdır.
Bundan əlavə, “Şəfa” stadionu yaxınlığında əvvəlcə piyada keçidinin tikintisi nəzərdə tutulsa da, dövlətimizin başçısının tapşırığı ilə orada yeni nəqliyyat qovşağının yaradılması qərara alınmışdır. Gələcəkdə Ziya Bünyadov prospektindən gələn nəqliyyat vasitələri bu tunel vasitəsilə Babək prospektinə çıxa biləcəkdir.