ELM VƏ TƏHSİL
Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində 2018-2019-cu tədris ili üçün birinci sinfə şagird qəbulunun üçüncü mərhələsinə başlanılıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideyn (qanuni nümayəndə) tərəfindən üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) oktyabrın 15-dək aparıla bilər. Həmin müddətdən sonra müraciətlər qəbul olunmayacaq.
Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
Qeyd edək ki, paytaxtın ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ili üçün birinci sinfə şagird qəbulu bu il fevralın 22-dən başlanıb. Bu vaxtadək proses artıq iki mərhələdə həyata keçirilib. Dərslərin başlanmasına baxmayaraq, üzrlü səbəblərdən gecikən valideynlərin müraciətlərinin davam etdiyi nəzərə alınaraq, uşaqların birinci sinfə qəbulu üzrə elektron qeydiyyatın və məktəblərdə sənəd qəbulunun oktyabrın 15-dək aparılmasına dair qərar verilib.