SİYASƏT
Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Abu Dhabi Əl-Ulə” televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdiriləcəkdir
Bakı, 24 iyun (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əsas televiziya kanalı olan “Abu Dhabi Əl-Ulə”də “Mashavir” proqramında Azərbaycan haqqında iki hissədən ibarət film nümayiş etdiriləcəkdir.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, hər biri 26 dəqiqə davam edəcək bu film kanalın öz imkanları vasitəsilə hazırlanmışdır.
Bu ekran əsəri ölkəmizin tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, maddi-mədəni irsi, turizm imkanları barədə BƏƏ cəmiyyətində, eləcə də, bütün ərəb dünyasında daha dolğun fikir formalaşdırılması məqsədilə hazırlanmışdır.
Qeyd edək ki, filmin birinci hissəsi iyunun 28-də yerli vaxtla saat 22:00-da (Bakı vaxtilə 23:00), ikinci hissəsi isə iyulun 5-də yerli vaxtla saat 22:00-da (Bakı vaxtilə 23:00) yayımlanacaqdır. Proqramların təkrarı “Abu Dhabi Əl-Ulə + 1” kanalında təqdim ediləcəkdir.
Ölkəmizdən bəhs edən bu filmləri “Abu Dhabi Əl-Ulə” kanalının www.adtv.ae internet ünvanından da izləmək mümkün olacaqdır.