DÜNYA
Birləşmiş Ştatların gündəlik neft hasilatı 11 milyon barreldir
Bakı, 30 avqust, AZƏRTAC
ABŞ-ın sutkalıq neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 67 min barrel azalaraq gündəlik 11 milyon barrel olub. Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. ABŞ-ın neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum - gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Xam neft istehsalı Alyaska ştatında əvvəlki həftə ilə müqayisədə 33 min barrel artıb, digər ştatlarda isə hasilat 100 min barrel geriləyib. Bununla da, Birləşmiş Ştatların gündəlik neft hasilatı son 33 həftənin 5-də azalıb.
Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 33 min barrel azalaraq gündəlik 7,48 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 624 min barrel artaraq sutkada 1,78 milyon barrel olub.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, ABŞ dünyanın ən böyük xam neft istehsalçısı ola bilər.
EIA-nın iyun ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,7 milyon barrel, gələn il isə 11,7 milyon barrel olacaq. Bununla da ABŞ-ın dünyanın ən böyük neft hasilatçısı olan Rusiyanı geridə qoyacağı gözlənilir.