MƏDƏNİYYƏT
Bişkekdə görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayevin 105 illik yubileyi qeyd ediləcəkdir
Bakı, 15 mart (AZƏRTAC). Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF) görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 105 illiyi münasibətlə Qırğızıstan paytaxtında yubiley tədbiri keçirməyi planlaşdırır.
TDSDF-dan AZƏRTAC-a bildirmişlər ki, fondun sifarişi ilə ədibin 100 illiyi münasibətilə qırğız dilinə tərcümə olunub nəşr edilmiş “Seçilmiş əsərləri”nin üçcildliyindən “Dirilən adam” romanına ssenari yazılmışdır.
Üçcildliyi qırğız dilinə Mukan Asanaliyev, Abdraxman Alımbayev və Seyit Altımışev tərcümə etmişlər.
Böyük ədibin 105 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə həmin əsərin tamaşasının nümayişi nəzərdə tutulur.
Qırğızıstanın teatrlarından birində səhnəyə qoyulacaq “Dirilən adam” tamaşasının ssenarisini görkəmli yazıçı Mir Cəlalın eyniadlı romanı əsasında, TDSDF-nin sifarişi ilə Qırğızıstanın Əməkdar İncəsənət Xadimi, tanınmış şair və dramaturq Seyit Altımışev yazmışdır.