SİYASƏT
BİŞKEKDƏ MDB DÖVLƏT BAŞÇILARI ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-n xüsusi müxbiri xəbər verir ki, oktyabrın 10-da Bişkek şəhərindəki “Ala-Arça” dövlət iqamətgahında Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilmişdir.
İclasda Azərbaycanın Baş naziri Artur Rasizadənin başçılığı ilə nümayəndə heyəti də iştirak etmişdir.
Şuranın iclasını Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev açaraq iştirakçıları salamlamış və demişdir ki, ötən müddət ərzində Qırğızıstanda MDB-nin müxtəlif orqanlarının 10-dan artıq iclası keçirilmişdir.
Prezident demişdir ki, dar çərçivədə keçirilən iclasda MDB-nin maliyyə nazirləri səviyyəsində işçi qrupun yaradılması qərara alınmışdır. Bu qrupun fəaliyyəti dünyada gedən maliyyə böhranının MDB-nin iqtisadiyyatına təsirinin azaldılması ilə əlaqədar təkliflərin hazırlanmasına yönəldiləcək.
Sonra MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev çıxış etmişdir.
İclasda 2020-ci ilədək MDB-nin iqtisadi inkişaf strategiyası, həmçinin 2020-ci ilədək MDB-nin nəqliyyat sahəsinin əsas istiqamətləri, 2009-2011-ci illərdə qanunsuz miqrasiya ilə mübarizə sahəsində MDB ölkələrinin əməkdaşlıq Proqramı qəbul olunmuşdur.
Ümumiyyətlə, iclasda MDB ölkələri arasında siyasi, sosial-iqtisadi, humanitar və digər sahələrin inkişafı ilə əlaqədar 19 sənəd müzakirə edilərək qəbul olunmuşdur. İclasda Gürcüstanın MDB-dən çıxması məsələsi və Qafqazda vəziyyət də diqqət mərkəzində olmuşdur.
İclasda 2009-cu ilin “Gənclər ili”, 2010-cu ilin isə “Elm ili” elan edilməsi ilə bağlı razılıq əldə olunmuş, 2009-cu il yanvarın 1-dən MDB-yə sədrliyin Moldovaya keçməsi ilə əlaqədar qərar qəbul edilmişdir. Şuranın növbəti Zirvə görüşü isə gələn il oktyabr ayının 9-da Kişinyov şəhərində keçiriləcəkdir.
Həmin gün Azərbaycanın Baş naziri Artur Rasizadənin rəhbərliyi ilə nümayəndə heyəti Vətənə yola düşmüşdür.
######