SİYASƏT
BİŞKEKDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV ANILMIŞDIR
Bişkek, 12 dekabr (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyi Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu ilə birlikdə xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirmişdir.
Qırğızıstan parlamenti sədrinin birinci müavini xanım Çolpan Bayekovanın, deputatların, diplomatların, diasporumuzun fəallarının və azərbaycanlı tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə ulu öndərin səfirlikdəki büstünün önünə əklillər və gül dəstələri qoyulmuş, xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söz açmış, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışmışdır. Səfir Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olmasında ulu öndərin misilsiz xidmətləri haqqında ətraflı məlumat vermişdir.
Çolpan Bayekova, “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Akif Alaferdov, əməkdar inşaatçı Əsəd Həsənov və başqaları Heydər Əliyevi Azərbaycan xalqının yetişdirdiyi ən qüdrətli şəxsiyyətlərdən biri kimi dəyərləndirmiş, onun xalqımızın bu günü və gələcəyi naminə gördüyü işlərdən söz açmışlar.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş fotosərgi ilə tanış olmuş, “Heydər Əliyev xatirələrdə” sənədli filminə baxmışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek