“BİSMAK”IN MƏHSULLARI XARİCİ BAZARA ÇIXIR
Dekabrın 29-da Sumqayıt şəhərində “Bismak” MMC Qida-Sənaye Kompleksi istifadəyə verilmişdir.
Prezident İlham Əliyev bu istehsal müəssisəsinə gələrək, ayrı-ayrı sahələri gəzdi. Məlumat verildi ki, 20-dək çeşiddə məhsul istehsal edən bu müəssisədə əsas texnologiyalar Almaniyadan, Rusiyadan və Türkiyədən gətirilmişdir və müasir avadanlıq quraşdırılmışdır. İlyarım ərzində tikilən müəssisəyə ümumilikdə 15 milyon dollar sərmayə qoyulmuşdur. 300 nəfərin işlədiyi fabrikdə orta əmək haqqı 200-300 manatdır.
Azərbaycan Prezidenti müəssisənin baş planı, dəyirmanı, qənnadı fabriki, biskvit və makaron sexləri ilə tanış oldu, məhsulların keyfiyyəti, çeşidi ilə maraqlandı, vafli və peçenyelərdən daddı. Bildirildi ki, gələcəkdə burada şokolad fabriki də istifadəyə veriləcəkdir. Hazırda sutkada 12 ton qənnadı məmulatı, 3 ton vafli, 20 ton makaron istehsal olunur. Gürcüstan və Rusiyaya da məhsul göndərilir. Yaxın zamanlarda Orta Asiya və Avropa ölkələrinə də ixrac ediləcəkdir.
Dövlətimizin başçısı dəyirman sexinin idarə edildiyi və müasir texnologiyanın tətbiq olunduğu operator otağına keçərək, Türkiyə-Almaniya istehsalı olan avadanlığa baxdı, düyməni basaraq sexi işə saldı.
Prezident İlham Əliyev gün ərzində 9 ton şokolad istehsal edəcək fabrikin sxemi ilə də tanış oldu.