CƏMİYYƏT
Bitki və bitkiçilik məhsullarının idxalçıları ilə görüş keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində bitki və bitkiçilik məhsullarının idxalçıları ilə videokonfrans formatında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əkin-səpin materialları və digər qruplara aid qeyri-qida mənşəli bitkiçilik məhsullarının idxalçılarının iştirak etdiyi görüşdə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində idxal modulunda yeni yaradılmış “Əkin-səpin materiallarına və digər qruplara aid fitosanitar məhsullara idxal karantin icazəsinin verilməsi üçün elektron müraciətin edilməsi Qaydası” ilə əlaqədar məlumat verilib.
Müraciət növünün elektronlaşdırılmasının həmin sahədə bir sıra çətinliklərin aradan qaldırılması, müraciətlərin icrasında tam şəffaflığın və izlənmə mexanizminin formalaşdırılması, idxala icazə sənədlərinin verilməsi ilə əlaqədar vaxt itkisinin qarşısının alınması, gömrük orqanları ilə məlumat mübadiləsinin daha operativ və vaxtında həyata keçirilməsi baxımından zəruriliyi və əhəmiyyəti qeyd olunub.
Görüşdə bu il mayın 16-dan etibarən həmin sahədə müraciətlərin elektron qaydada qəbul olunacağı, hər hansı çətinliklə rastlaşdıqda isə müraciət üçün müvafiq metodiki kömək göstəriləcəyi bildirilib.