BİTKİLƏR ƏBƏDİ OLARAQ SAXLANILACAQ
“Bitkilər bankı” Svalbard arxipelaqının ucqar bir adasında, heç vaxt əriməyən buz təbəqəsinə bürünmüş dağın ətəyində, Şimal qütbünün təxminən min kilometrliyində yaradılacaqdır.
Norveçin Atlantik okeanı sahilindən 500 kilometr şimalda yerləşən Svalbard arxipelaqı “xəzinə” inşaatçılarını mümkün fəlakətlərin mərkəzindən uzaqda olması, habelə öz daimi soyuq iqlimi ilə cəlb etmişdir.
“Bank”da hətta süni soyutma sistemi sıradan çıxdıqda da daimi temperatur Selsi ilə mənfi 18 dərəcə olacaqdır.
Toxum nümunələrini folqaya bükəcəklər və belə şəraitdə onlar yüz, hətta min illərlə qala bilər. İlk nümunələr artıq gələn il gətiriləcəkdir. Mürəkkəb iqlim şəraitində belə obyektin tikilməsinin dəyəri təxminən 3,8 milyon avrodur. “Bank”da cəmi 3 milyonadək müxtəlif toxum saxlamaq nəzərdə tutulur.
Norveçin Baş naziri Yens Stoltenberq tikintinin təməlinin qoyulması mərasimində demişdir: “Bu anbarın böyük beynəlxalq əhəmiyyəti var. O, dünyada yeganə olacaq, çünki qalan bütün gen bankları kommersiya məqsədi ilə yaradılıbdır”.
Mərasimdə İsveç, Danimarka, Finlandiya və İslandiyanın baş nazirləri də iştirak etmişlər.
Yeri gəlmişkən, dünyada artıq 1400-dək belə obyekt var və onlar müxtəlif ölkələrin bitki və toxum nümunələrini qoruyub saxlamaq üçün nəzərdə tutulmuşdur.