REGİONLAR
“Biz böyük xalq olduğumuzu dünyaya bir daha göstərdik” - qazi Hüseyn Qəhrəmanov
Sumqayıt, 1 noyabr, AZƏRTAC
Vətən müharibəsinin davam etdiyi müddətdə ən çox istəyim o idi ki, Şuşada bayrağımızı ucaldanlardan biri də mən olum.
AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsinin iştirakçısı, qazi Hüseyn Qəhrəmanov əməkdaşımızla söhbətində deyib.
1996-cı il iyulun 31-də Sumqayıtda dünyaya gələn, 9 saylı tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan Hüseyn 2018-ci ildə hərbi xidmətə yollanıb. Tərxis olunduqdan sonra “Sumqayıt bulvar” MMC-də işləyib. 2020-ci il sentyabrında təlimlərdən sonra Horadiz şəhərinə yola salınıb.
Vətən müharibəsində Qanlıdərə istiqamətindən Füzuli şəhərinə daxil olan, Ərgünəş yüksəkliyinə qədər gedib çıxan Hüseyn müharibənin əsl üzünü görüb. İlk şəhidlərimiz də elə bu yüksəklik uğrunda gedən döyüşlərdə olub.
“Müharibənin, necə deyərlər, kadr arxasında qalan ağırlıqları, ilk baxışda, dözülməyəcək çətinlikləri var. Belə məqamlarda özümüzü ələ aldıq, ruhdan düşmədik. Bu situasiyalarda komandirlərimiz bizə böyük dəstək olurdular”, - deyən Hüseyn Qəhrəmanov, onlardan birini, bölük komandiri, axıra qədər döyüşlərdə olan Məhəmməd İsayevin adını çəkir, onun adının yaddaşına həmişəlik həkk olunduğunu bildirir: “Baş leytenant İsayev tabeliyindəki şəxsi heyət üçün komandir olmaqla bərabər, hər bir əsgərə motivasiya verən dost idi. Döyüşləri məhz belə komandirlərin tətbiq etdikləri taktikalarla qazanırdıq”.
Şanlı Zəfər xəbərini müalicə olunduğu Əhmədbəyli hospitalında eşitdiyini bildirən qəhrəmanımız Şuşanın azad edilməsində bilavasitə iştirak edə bilmədiyini qüssə ilə vurğulayır: “Çox istərdim ki, dünya hərb tarixində heyrətamiz döyüş əməliyyatlarından biri kimi qalacaq Şuşa əməliyyatının iştirakçısı olam. Şuşaya qalib əsgər kimi daxil olmağı çox istəyirdim. Mən bu arzuma çatmasam da, hərbçi yoldaşlarım Şuşa Zəfərinin sevincini bizlərə, xalqımıza yaşatdılar”.
Hər dəfə rayonlarımızın işğaldan azad edilməsi ilə bağlı Ali Baş Komandanın televiziya ilə müraciətlərinə böyük həvəslə və qürur dolu hisslərlə baxdığını deyən Hüseyn Qəhrəmanov o çıxışların yaratdığı ovqatı belə ifadə edir: “Həmin müraciətlərə təkrar-təkrar baxdığım zaman Ali Baş Komandanımızın hərbi sahə ilə yanaşı, diplomatiyada da böyük uğurlarını gördüm. Prezidentimiz həmin günlərdə xalqımıza böyük müjdələr verir, hər birimiz qürur dolu anlar yaşayırdıq”.
Vətən müharibəsinin diqqətçəkən məqamlarından biri də xalqımızın öz əsgərini hər cür dəstəkləməsi idi. Hüseyn Qəhrəmanov bu barədə danışarkən deyib: “İnsanların öz əsgərinə necə yanaşmasını çoxlarımız sosial şəbəkələrdə yayılan videolardan görmüşük. Amma biz hərbçilər o anları yaşamışıq. Həqiqətən də sözlə ifadə edilə bilməyəcək qədər qürur dolu günlər idi. Biz böyük xalq olduğumuzu dünyaya bir daha göstərdik. Beynəlxalq aləmdə də dost, qardaş ölkələri, xüsusən Türkiyə və Pakistanı yanımızda görmək çox xoş idi. Dillər əzbəri olan “Bayraktar”ı Qarabağımızın səmasında görmək isə bizim üçün tamam ayrı bir duyğu idi”.
Vətən müharibəsinin iştirakçısı, qazi Hüseyn Qəhrəmanov tez-tez Sumqayıtdakı Şəhidlər xiyabanına gəlir, qəhrəmanlarımızın xatirəsini yad edir. Deyir ki, şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin borcudur. Onlar Vətənimizin bütövlüyü uğrunda canlarını qurban verdilər. Qurban verdilər ki, biz azərbaycanlılar qalib xalq kimi yaşayaq. Ona görə də şəhidlərimizə borcluyuq!