MƏDƏNİYYƏT
Biz özümüz Vətənimizi yaxşı tanımalıyıq ki, onu hər yerdə tanıda bilək
Gəncə, 21 avqust (AZƏRTAC, Sabir Əliyev). Yay tətili günlərində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ”Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya biz məktəblilərin həyatında mühüm hadisə oldu. Yayı harada keçirəcəyim barədə düşünərkən belə bir aksiyanın başlanması haqqında xəbər məni hədsiz dərəcədə sevindirdi.
Bu sözlər tur-aksiyanın Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya gələn Lerik şəhərindəki 3 nömrəli orta məktəbin XI sinif şagirdi Sakit Mirzəzadə AZƏRTAC-a müsahibəsində dedi. Tur-aksiyanın məktəblilərə faydasından danışan Sakit Mirzəzadə onu da əlavə etdi ki, bu layihədə iştirak etdiyim üçün çox sevinirəm. Qədim tarixə malik Gəncədə, Şəmkirdə, səfalı Göygöldə olmaq məndə böyük təəssürat oyatdı. Bu gözəllikləri indiyədək televiziyada izləmişdim. İndi isə öz gözlərimlə gördüm. Söz yox ki, bu aksiya biz gənclərin dünyagörüşünün zənginləşməsinə, ölkəmiz haqqında biliklərimizin artmasına səbəb olacaqdır. Biz öz Vətənimizi yaxşı tanımalıyıq ki, onu hər yerdə tanıda bilək. Bu imkanı isə bizə Prezidentimiz İlham Əliyev yaratdı.