SİYASƏT
Biz xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli liderinin olmasından qürur duyuruq
Bakı, 12 dekabr (AZƏRTAC). Dünyada tanınan, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan unudulmaz liderimiz Heydər Əliyev haqqında fikir söyləmək o qədər də asan deyildir. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun dahi liderini tanıyırsa və onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri olmuşdur.
Bu sözləri ulu öndər Heydər Əliyevə hörmət və ehtiramını ifadə etmək üçün Fəxri xiyabana gələn paytaxt sakini Zeynal Zeynalov AZƏRTAC-a müsahibəsində demişdir. Bildirmişdir ki, xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin problemləri kimsə Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun. Müdrik rəhbərimiz kimi təsərrüfatı təsərrüfatçıdan, tariximizi tarixçidən, incəsənətimizi sənətşünasdan, iqtisadiyyatı iqtisadçıdan yaxşı bilən, onun problemlərini həll etməyə istiqamətləndirən ikinci bir şəxs tapmaq mümkün deyildir.
Xalqımız ulu öndəri əsrin böyük azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və ölkəmizi dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevir.
Ümummilli liderimizin əziz xatirəsi daima ürəklərdə yaşayacaqdır. Allah ona qəni-qəni rəhmət eləsin!